BBN.az “The Economist” jurnalına istinadən xəbər verir ki, sabah Birləşmiş Krallıq dövriyyəyə təhlükəsizlik baxımından daha təkmil metal pullar buraxacaq.
Bu addımın atılmasının əsas səbəbi 1983-cü ildən bəri istifadədə olan metal pulların saxtalarının dövriyyədə artmağa başlamasıdır. Ekspertlərin fikrincə hazırda dövriyyədə olan hər 30 metal puldan biri saxtadır. Bəziləri bu rəqəmin daha böyük olduğunu və 10% həddinə qədər çata biləcəyini irəli sürür.
Yeni 1 funtluq sikkələr isə sələflərinə nisbətdə daha təhlükəsiz olacaq və onların saxtasını emal etmək daha da çətinləşəcək.
28 mart tarixində banklarda və mağazalarda işıqüzü görəcək yeni pulların ümumi həcmi 1.5 mlrd. funt sterlinqdir.
Əhali köhnə sikkələrdən daha 6 ay ərzində mübadilə vasitəsi kimi istifadə edə biləcəkdir.