Ticarət festivalında ƏDV-ni geri almaq üçün nə etmək lazımdır?

Artıq Bakıda ticarət festivalına start verilib, mağazaların siyahısı və yerləşmə yerləri açıqlanıb. Növbəti addım isə bu alış-veriş məkanlarına getmək və alış veriş etməklə ƏDV-ni geri almaqdır.

Bəs ƏDV-nin qaytarılması prosesi necə baş verir? Hansı mərhələlərə diqqət yetirilməlidir?

1. ADDIM – Ticarət festivalı keçirilən xüsusi məkanlardan alış-veriş etmək

Ticarət festivalı keçirilən mağazalardan alış-veriş edən zaman satıcıya ƏDV-nin qaytarılması imkanından yararlanmaq istədiyinizi bildirin.  Daha sonra ƏDV-nin qaytarmaq hüququ verən e-VHF (elektron vergi hesab fakturası) doldurulması üçün şəxsiyyət vəsiqənizi təsdiq edən sənədi təqdim edin.  Satıcı məlumatları daxil etdikdən sonra sizə 2 nüsxədə imzalanmış, möhürlə təsdiq edilmiş e-VHF-i təqdim edəcəkdir. Bu sənəddə həmçinin ƏDV-nin məbləği və son ödənmə tarixi qeyd olunur.

2. ADDIM – ƏDV köşklərinə müraciət

Əldə etdiyiniz malı e-VHF ilə birlikdə Ticarət festivalı ərazisində qurulmuş ƏDV köşklərinin birinə təqdim edin. ƏDV köşkünün əməkdaşı yoxlama apardıqdan sonra e-VHF-də xüsusi qeydlər edərək, möhürləyib sizə qaytarır.

3. ADDIM – ƏDV-nin qaytarılması

E-VHF-i müvəkil banka təqdim edirsiniz.  Seçdiyiniz metoddan asılı olaraq, ödəniş milli valyutada aşağıdakı qaydada həyata keçirilir:

  • Nağd qaydada – banka müvafiq sənədi təqdim etdikdən sonra gün ərzində;
  • Nağdız qaydada – ödənişin köçürülməsini istədiyiniz bank kartının rekvizitlərini banka təqdim etdiyiniz tarixdən sonrakı 10 iş günü ərzində.

Qeyd edək ki,  ƏDV-nin qaytarılması imkanından yararlanmaq üçün ən azı 100 manatlıq alış-veriş etməlisiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır