Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 aprel 2017-ci il tarixində Tərtər rayonunda növbəti regional vətəndaş qəbulu keçirib. Qəbulda Tərtər ilə yanaşı Naftalan, Goranboy, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb və bəzi müraciətlər qəbul günü öz həllini tapıb.
Komitə sədri Kərəm Həsənov bildirib ki, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə aparılan elektron uçot sistemi işləri davam etdirilir. Belə ki, artıq 12 rayonda elektron kadastr uçotu işləri yekunlaşdırılmış, bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. 2017-ci ildə isə bütövlükdə 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işi yekunlaşacağı planlaşdırılır. Ümumilikdə isə 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması işləri davam etdirilir. Kadastr uçotu işlərinin yekunlaşması nəticəsində pay torpaqlarının sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Habelə torpaqların düzgün uçotuna, torpaqlardan elmi əsaslarla istifadəyə, o cümlədən, müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunacaq.