Azərbaycanın nümayəndə heyəti BMT-nin tədbirlərində iştirak edib

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənovanın rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə 24-28 aprel tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil olunmuş Könüllü Milli İcmalları təqdim edəcək ölkələr üçün regional Konfransda, Dayanıqlı İnkişaf üzrə Regional Forumda və UNECE-nin 67-ci sessiyasında iştirak edib.
Dayanıqlı İnkişaf üzrə Regional Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanda bir sıra sosial proqramların uğurlu icrası və həyata keçirilən sistemli tədbirlər nəticəsində yoxsulluğun minimuma endirildiyini və dayanıqlı inkişafa nail olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, səfər çərçivəsində iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova UNECE-nin icraçı direktoru Kristian Fris Bax, Beynəlxalq Dayanıqlı İnkişaf İnstitutunun prezidenti Scott Voghan və UNECE-nin icraçı katibi Andrey Vasilyevlə görüşüb və DİM-nə nail olunması istiqamətində əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır