Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovun da iştirak etdiyi toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.
Görüşdə bildirilib ki, ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə insitituna çevrilməsi üçün həyata keçirilən xarici öhdəliklərin restrukturizasiyası prosesi Ticarət yönümlü təminatsız borclar, Üstün hüquqa malik təminatsız borclar, subordinasiya krediti istiqamətlərinə aid olacaq:
Bu öhdəliklərin ümumi məbləği 3.3 milyard ABŞ dolları təşkil edir. Dövlət təminatı olmayan bu öhdəliklərin dövlətə ötürülməsi Azərbaycanın yüksək kredit reytinqini nəzərə alaraq xarici kreditorların imkanlarını genişləndirəcək.
Qeyd edək ki, könüllü restrukturizasiya planının xarici kreditorların 13 iyul 2017-ci il tarixinə planlaşdırılan yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur. Kreditorların toplantısı barədə bildiriş ABB tərəfindən restrukturizasiya planının əks olunduğu informasiya memorandumu və səsvermə proseduru ilə birgə 14 iyun tarixində yayımlanacaq.