Azərbaycan “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci yerdədir

Son illər Azərbaycanda biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib, mövcud vergi sistemi sahibkarlığı və ixracı təşviq edib.

Bu barədə “Xarici investisiyalar üçün əlverişli vergi mühiti” barədə təqdimatla çıxış edən Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva məlumat verib.

Onun sözlərinə görə, ötən müddət ərzində ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır. “Doing Business 2017” hesabatına görə, Azərbaycan “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir.

S.Musayevə qeyd edib ki, hazırda Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla, cəmi 129 güzəşt və azadolma mövcuddur: “İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində son dövrlərdə vergi güzəştİ və azadolmalarının sayı artıb”.

Onun sözlərinə görə, xarici investorların Azərbaycana gəlmədən biznesə başlaya bilməsi üçün qanunvericilik bazası hazırlanır, hökumətə müvafiq qanun layihəsi təqdim edilib: “Qeyri-rezidentlər Azərbaycandakı vergi ödəyicilərindən özlərinə vergi agenti təyin edib, onun köməyi ilə lazımi əməliyyatları apara biləcəklər”.

“Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin (DTA) inzibatçılıq qaydalarının sadələşdirilməsi” mövzusunda təqdimatda isə S.Musayeva digər dövlətlərlə bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlər şəbəkəsi, bu Sazişlərin vergi ödəyiciləri üçün yaratdığı imkanlar barədə məlumat verib. O, qeyd edib ki, DTA formaları sadələşdirilib, elektron müraciət etmək, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb.

Mənbə: Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır