19-22 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Avropa Statistikləri Konfransının 65-ci plenar sessiyası və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika idarələrinin rəhbərləri üçün BMT-nin Avropa İqtisadi Komissiyasının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yol xəritəsinin yerinə yetirilməsinə dair seminar keçirilir. Tədbirlərdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.
4 gün davam edən tədbirlərdə Avropa İqtisadi Komissiyasının 67-ci və BMT-nin Statistika Komissiyasının 48-ci sessiyaları ilə əlaqədar qarşıda duran vəzifələr, yoxsulluğun ölçülməsi, geoməkan məlumatlarla rəsmi statistikanın inteqrasiyası, rəsmi statistikanın modernləşdirilməsi üzrə yüksək səviyyəli qrupun fəaliyyəti, dayanıqlı inkişaf məqsədləri üzrə milli strategiya və planlar, məlumat axınlarının əlaqələndirilməsi və statistikanın təşkili ilə bağlı atılacaq addımlar və digər məsələlərin müzakirəsi aparılacaq. Belə ki, Avropa Statistikləri Konfransının himayədarlığı ilə yoxsulluğun ölçülməsi, Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar statistik fəaliyyətin təşkilinə dair yol xəritəsi, iqlim dəyişmələri ilə bağlı əsas göstəricilər, rəsmi statistikanın əhəmiyyəti, demoqrafik proqnozlar üzrə məlumatlara dair hazırlanmış hesabatlar dinləniləcək, qayda və tövsiyələr nəzərdən keçiriləcək.
Qeyd edək ki, sonda Avropa Statistikləri Konfransının yekun hesabatı qəbul edilərək növbəti dövr üçün yəni, 2017-2019-cu illər üçün Konfransın Büro üzvləri seçiləcək.