2017-ci ilin fevral-iyun ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Bakı şəhər Təhsil İdarəsi və Şuşa Rayon Təhsil Şöbəsi ilə birlikdə 7 qrup üzrə təlimlər təşkil edilib. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə “Həyat Bilgisi” fənnini tədris edən 145 nəfər müəllimə təlimlərdə “Həyat Bilgisi” və maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, qiymət, tələb və təklifin iqtisadiyyatda rolu, əmək və onun növlərinin iqtisadi proseslərdə rolu, istehsal infrastrukturları və digər mövzular keçilib. Təlimlər zamanı sığorta mövzusu yerli sığorta şirkətlərinin nümayəndələri tərəfindən tədris olunub. Eyni zamanda, mövzular üzrə interaktiv oyunlar və çalışmalar keçirilib və iştirakçılar tərəfindən kiçik biznes layihələr hazırlanıb.
Təlimlərin yekununda iştirakçıların sualları cavablandırılmış, qiymətləndirilmə aparılmış və nəticələrə müvafiq olaraq müəllimlər sertifikat əldə etmək hüququ qazanıb. Sertifikatların verilmə mərasimi tərəfdaş qurumların iştirakı ilə 16 iyun 2017-ci il tarixində Mərkəzi Bankda keçirilib. Tədbirdə qiymətləndirmə sorğularının nəticələri təqdim edilib, tərəfdaş qurumların və iştirakçıların təlim haqqında rəyləri öyrənilib.