ƏMDK maarifləndirici İşgüzar Forum keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı respublika üzrə maarifləndirici İşgüzar Forumlara start verib. İlk belə tədbir iyunun 22-si və 23-də müvafiq olaraq Qazax və Ağdaş rayonlarında keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra nümayəndələri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və istifadəçiləri, eyni zamanda kütləvi informasiya nümayəndələri iştirak edib.

Maarifləndirici İşgüzar Forumun məqsədi torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində Komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Forumda torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir dövrün çağrışları nəzərə alınaraq yeni prinsiplərin və mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib. Yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərin torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələri nəzərə çatdırılıb. Torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Bu sahədə normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə məlumat verilib.

Qeyd edək ki, Komitə tərəfindən növbəti belə maarifləndirici İşgüzar Forumlar Oğuz, Şamaxı, Cəlilabad, Salyan, Quba və Abşeron rayonlarında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır