Avropa İttifaqının vergi ödəməkdən yayınmağa qarşı yönəldilmiş və maliyyə fırıldaqlarının aradan qaldırılmasını nəzərdə tutan 4-cü direktivi iyunun 26-da qüvvəyə minib. Bu sənəd bir sıra tələblərin sərtləşdirilməsi yolu ilə vergi qanunlarının gücləndirilməsini əhatə edir, məsələn, şirkət sahiblərinə və onların əmlakına münasibətdə vergitutma üzrə dəqiq tələbləri müəyyənləşdirir. Toplanmış məlumatlar xüsusi registrdə saxlanılacaq və onlardan ayrı-ayrı dövlətlərin hökumətləri istifadə edə biləcək.
Bundan əlavə, direktiv fiskal xidmətlərin müxtəlif ölkələrdə fəaliyyət göstərən bölmələri arasında əməkdaşlığı və məlumat mübadiləsini, təsdiq olunmamış iri bank köçürmələrinin üzə çıxarılmasını və izlənilməsini nəzərdə tutur.
Sənəddə maliyyə müəssisələri və hüquq firmaları üçün risklərin qiymətləndirilməsi barədə öhdəliklər də qeyd edilib.