ƏMDK sədri Şəmkirdə vətəndaş qəbulu keçirib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 14 iyul 2017-ci il tarixində Şəmkirdə növbəti vətəndaş qəbulu keçirib. Komitə sədri qəbulda Şəmkir ilə yanaşı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonundan olan vətəndaşların müraciətlərinə baxıb.

Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, torpaqların sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar onlara məxsus  fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət edib. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib.

Qeyd edək ki, komitə sədri müraciət edən vətəndaşların hər birini diqqətlə dinləyib, səsləndirilən bir sıra müraciətlər verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır