Elə görünür ki, yüksələn şey sonra enməlidir. Amma fond bazarları özlərini belə aparmır. Yel Universitetindən olan Uilyam Qetsman güman edir ki, insanlar bazarlarda dövri olaraq şişən köpüklərə (kəskin artım sonrası böhran) həddən artıq böyük əhəmiyyət verirlər və səhmlərə kapital qoyuluşları risklərini yenidən qiymətləndirirlər.
O, yüksəlişdən sonra həmişə enişin baş verib-vermədiyini anlamaq üçün bir əsrdən artıq müddətə aid məlumatları öyrəndi. Xüsusilə, ABŞ-ın 21 fond birjasının 1900-cü ildən başlayan illik hesabatlarını, habelə digər qlobal birjaların, o cümlədən Sankt-Peterburq və Şanxay birjalarının o qədər də ardıcıl olmayan göstəricilərini araşdırdı. Qetsman əvvəlcə köpükləri aşkara çıxardı: o, onları 1-3 il ərzində bazarın 100% və daha çox artması kimi müəyyən etdi. Sonra “partlama” hallarını tapdı: məsələn, bazarın 5 il artandan sonra 1 il ərzində 50% azalması. Həm bu, həm də digərlərini aşkara çıxararaq neçə köpüyün partladığını hesabladı və belə qənaətə gəldi ki, bu hesab edildiyindən daha az baş verir. Qetsman güman edir ki, canlanmadan sonra çöküş ehtimalı cəmi 10%-dir. Bu nəticələr peşəkarların əksər kateqoriyaları üzrə mühümdür.
Çox vaxt köpüklərin yaranması və “partlamasının” qarşısının alınmasını öz vəzifəsi hesab edən qanunvericilər və mərkəzi banklar üçün onlar köpüklərin böyük hissəsinin təhlükəsiz olduğunu göstərən xatırlatmadır. Menecerlər üçün bu, bazarın güclü artımı məqamlarında investisiya yatırmağın o qədər də təhlükəli olmadığının real sübutudur. Amma hər şeydən əvvəl, belə görünür ki, onlar fond investorları üçün daha vacibdir.”Maliyyə sahəsinin araşdırıcısının investorlara köpüklər barədə deməli olduğu şey onların nadir olmasıdır. Hər vəchlə köpüklərdən qaçmaq cəhdləri..uzunmüddətli investorlar üçün təhlükəlidir, çünki onlar böyük mənfəəti əldən verə bilərlər”-deyə Qetsman qeyd edir.