Kapitalın adekvatlıq əmsalı nədir?

Bildiyimiz kimi hər bir ölkənin maliyyə sistemindəki əsas rolu banklar həyata keçirir.  Onların dayanıqlığı və riskə davamlılığı isə,  xüsusilə böhran dövründə olan iqtisadiyyatlar üçün həll edici xarakterdədir. Bu səbəbdən bank sektoru və ayrılıqda hər bir bank üzrərində nəzarət vacib bir məsələdir.

Bunun üçün dünya praktikasında geniş tətbiq edilən qaydalar və risk əmsalları mövcuddur. Bunlardan biri isə “Kapital Adekvatlığı Əmsalı”dır(KAƏ).

Qaydalarda oxunan zaman qəliz görünən hesablama üsuluna malik bu əmsal əslində çox sadə bir məntiq üzərində qurulmuşdur.  Bu məntiq bankları risksiz və az riskli investisiyalar etməyə və ya riskli investisiyaları müəyyən həddə saxlamağa sövq edir.

Ən sadə üsulla bu əmsal bank kapitalının riskli aktivlərə olan nisbəti kimi ifadə edilir.

Bu nisbətin müəyyən həddən aşağı enməyə qanunvericilik səviyyəsində icazə verilmir.

Burada izah edilməsi gərəkən iki göstərici görünür.

Bunlardan ilki bankın kapitalı hesab edilən  – Məcmu Kapitaldır.  Sonrakı isə riskli aktivlər və ya daha düzgün ifadə ilə Risk Dərəcəsi üzrə Ölçülmüş Aktivlərdir.

Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir. Hazırkı qaydalara əsasən, bankın məcmu kapitalının minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır.

Məcmu kapital iki hissədən ibarətdir:

  • Əsas kapital (I dərəcəli kapital);
  • Əlavə kapital (II dərəcəli kapital).

Əsas kapitala əsasən səhmlərin dəyəri (nizamnamə kapitalı) və ötən illərin bölüşdürülməmiş mənfəəti aid edilir. Əlavə kapitalın əsas hissəsini isə cari ilin mənfəətiümumi ehtiyatlar təşkil edir.

Göründüyü kimi nizamnamə kapitalı ilə məcmu kapitalı fərqləndirən əsas cəhət bankın fəaliyyəti nəticəsində əldə etdiyi mənfəətin və ya üzləşdiyi zərərin həcmidir. Başqa sözlə, bank 50 mln. manatlıq nizamnamə kapitalına malik olsa da, onun məcmu kapitalı bu məbləğdən az və ya çox ola bilər ki,  nəzarət də elə bu göstərici üzrə aparılır.

İndi isə Risk Dərəcəsi üzrə Ölçülmüş Aktivlərə nəzər yetirək. Bank kommersiya təşkilatı kimi istər səhmdardan, istər depozit yerləşdirən şəxsdən, istərsə də digər maliyyə qurumlarından cəlb etdiyi vəsaitdən əlavə gəlir qazanmaq üçün istifadə edir. Bank bu vəsaiti kredit də verə, qiymətli kağıza investisiya da edə və ya digər bir maliyyə qurumunda depozit olaraq da yerləşdirə bilər və s.  Bu  yollar müxtəlif olduğu kimi risk səviyyələri də fərqlidir.  Bəziləri risksiz olsa da, digərlərində geri qayıtmama ehtimalı mövcud olur.

Bu səbəbdən bu aktivləri risk səviyyəsinə görə qiymətləndirib, bankın riskli aktivlərinin həcmini ölçürlər.  Risksiz aktivlərin həcmi 0-a vurulduğu halda nisbətən riskli aktivlərin həcmi 0.2-yə, 0.5-ə və ya 1-ə vurularaq toplanır.

Bu iki göstərici haqqında məlumatımız olduqsa, artıq hesablanmanı həyata keçirə bilərik:

Bu əmsalın icazə verilən minimum həddi 10%-dir. Başqa sözlə, bankların riskli aktivləri kapitaldan maksimum 10 dəfə çox ola bilər. Bu həddə olan, ona yaxınlaşmış və ya ümumiyyətlə bu həddə yaxınlaşmaq istəməyən banklar adətən risksiz və aşağı risk kategoriyasına malik aktivlərə investisiya qoymağa meyilli olurlar ki,  bankın gələcək fəaliyyətini davamlı olaraq həyata keçirə bilsinlər. Belə ki, qaydaya əsasən, bank risksiz aktivlərə istənilən qədər və demək olar ki,  məhdudiyyət qoyulmadan investisiya həyata keçirə bilər. Riskli aktivlər isə bankı müəyyən həddə qədr böyüməyə imkan verir.

Yuxarıda göstərilən hesablanma üsulu adətən dərsliklərdə göstərilən sadə formadır. Hazırda bu əmsal ölkə bankları üçün hesablandığı zaman isə aşağıdakı düsturdan istifadə edilir.

Banka aidiyyəti olan şəxslərə bankda mühüm iştirak payı olan hər hansı şəxs, bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, bankın qərarlarının qəbul edilməsində iştirak edən digər əməkdaşları və onların qohumları və s. aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır