Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 sentyabr tarixində keçiriləcək hərracda 66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 14-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.
Belə ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və digər sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Yevlax Yun”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Zaqatala Sənaye Kombinatı” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Əmlaklar paytaxtla yanaşı Şəmkir, Masallı, İmişli, Cəlilabad, Göygöl, Daşkəsən və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m ilə 11 min 266 kv.m arasında dəyişir.
Qeyd edək ki, hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Baləkən şəhərində yerləşən “Əmlak Kompleksi”- dir. Adı çəkilən obyekt 715 min manata təklif olunur. Ümumi faydalı sahəsi 11 min kv.m-dən çox, torpaq sahəsi isə 38 min kv.m-ə yaxındır.