Buğda və çəltik əkənlərə 19 mln. manata yaxın subsidiya veriləcək

04 avqust 2017-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə Respublika Komissiyasının növbəti iclası keçirilib.

İclasda kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi məsələləri müzakirə olunub.

Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə  dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə  əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon kənd təsərrüfatı idarələrinin və rayon komissiyalarının 23 rayon üzrə təqdim etdiyi sənədlərə baxılıb.

Qeyd edək ki, Respublika Komissiyası 23 rayon üzrə 115904 istehsalçıya 288102.02 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 18953311.4 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır