Ağıl və hisslər – Harvard Business Review

Təxminən 50 il əvvəl psixoloqlar Daniel Kaneman və Amos Tverski bu qənaətə gəldilər ki, təfəkkürümüz sadələşməyə meyllidir; bu, mülahizələrdə təhriflərə və irrasional seçimə gətirib çıxarır.

Kaneman və Tverskinin elmi işlərində ifadə etdikləri ideyalar sonralar tibbi diaqnostikadan hüquqşünaslığa qədər ən müxtəlif sahələrdə, əsasən iqtisadiyyatda tətbiq edildi. 2002-ci ildə Kaneman “iqtisadiyyat elmində psixoloji metodikanın tətbiqi, xüsusilə mülahizələrin formalaşması və qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsinin araşdırılmasına görə” Nobel mükafatı aldı.

Kaneman 2011-ci ildə çapdan çıxan “Ləng düşün…cəld qərar ver” kitabında yeni məlumatlara istinad edərək 2 təfəkkür sisteminin xüsusiyyətlərini təsvir etmişdi. Birincisi – cəld, intuitiv təfəkkür – avtomatik işləyir və “məlumat etibarsız olduqda, həyəcan siqnalı vermir”. İkincisi – ləng, şüurlu təfəkkür – mühakimələrə qadirdir və birinci sistemin səhvlərini blok edir. “Problem ondadır ki, ağlın səsi yalançı intuisiyanın gur səsindən xeyli zəifdir, mühüm qərar veriləcəksə, ona əsaslanmaq arzuolunan deyil. Xüsusilə, səhvlərin qiymətinin çox yüksək olduğu biznesdə.

İndi təsəvvür edin: şirkət milyonlar itirir, çünki işçisi qərar qəbulu anında həyat yoldaşı ilə mübahisəyə görə məyusdur. Yaxud acdır. Və ya əksinə, güclü nahar edib. Bəlkə də, bu şəxs qızının məktəb konsertində uğurlu çıxışına sevinmişdi, yaxud qarşıdakı iclasla bağlı fikirlər səbəbindən düşüncələri dağılmışdı. Şirkət üçün mühüm qərarların bu cür cəfəng şeylərdən asılı olduğuna inanmaq asan deyil, amma Kaneman və həmkarları “Səs-küylər, yaxud ekspertlər həmişə haqlıdırlarmı?” məqaləsində inandırıcı şəkildə sübut edirlər ki, insanlar çox vaxt ani amillərin təsiri altında səhv edirlər. Mütəxəssisin müxtəlif vəziyyətlərdə gəldiyi nəticələr çox vaxt bir-birindən fərqlənir. Müxtəlif şəxslərin qəbul etdikləri qərarların isə bir-biri ilə əlaqəsi olmaya bilər.

Sözügedən məqalədə Kaneman “səs-küylər” konsepsiyasını inkişaf etdirir: o, kənar amillərin təsiri altında bir məsələ üzrə qərarların dağınıqlığını belə adlandırır. İri biznesdə “Səs-küylərin” vurduğu iqtisadi zərər milyardlarla dollarla ölçülür. Kiçik şirkətlər üçün isə olduqca az məbləğin itkisi də fəlakətli ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır