- İlkin müəllim, son iki ili digər sahələrdə olduğu kimi, vergi sahəsində də ciddi dəyişikliklər ili adlandırmaq olar. Bu dəyişikliklər nədən ibarətdir ?
– İlk olaraq qeyd edim ki, vergi sahəsində son illər ərzində aparılan islahatlar ölkədə həyata keçirilən çoxşaxəli iqtisadi islahatların tərkib hissəsidir. Vergi iqtisadi alət olmaqla iqtisadiyyatın tənzimlənməsinə və inkişafına təsir edən mexanizmlərdən biridir. Buna görə də bu sahədəki islahatlar iqtisadi inkişafın sürətləndirilməsi üçün mühümdür.
Sahibkarlığın inkişafı və ölkənin yeni iqtisadi inkişaf fazasına keçməsi isə vergi sahəsində islahatların aparılmasına zərurət yaradıb. Prezident İlham Əliyevin 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri» təsdiq edilib və Vergilər Nazirliyinə vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı bir sıra tapşırıqlar verilib.
Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergitutmanın optimallaşdırılması, vergi yükünün azaldılması, vergi güzəştlərinin səmərəsinin artırılması, çevik vergi inzibatçılığının yaradılması, vergi nəzarətinin risk meyarları əsasında həyata keçirilməsi və elektron auditin genişləndirilməsindən ibarətdir. Əsas məqsəd vergi orqanlarının xidmətlərinin səviyyəsinin artırılması, vergidən yayınma hallarının azaldılması və könüllü vergi ödəmələrinin artırılmasıdır.
- Gəlin Məcəlləyə bu ilin əvvəlindən tətbiq olunan dəyişikliklərə baxaq, onların sayı həddən artıq çoxdur, amma siz onlardan əsas hansıları qeyd edərdiniz ?
– Vergi Məcəlləsində ilin əvvəlində edilən əlavə və dəyişikliklər, əsasən, vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot sisteminin şəffaflaşdırılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və vergi yükünün azaldılması ilə bağlıdır.
Bunlardan vergi yükünün azaldılması, o cümlədən vergi güzəşt və azadolmaları ilə bağlı dəyişikliklər xüsusi əhəmiyyətə malikdir. Məsələn, buğda unu və çörək istehsalı və satışı, eləcə də quş ətinin satışı 3 il müddətində ƏDV-dən azad edilib. Bu dəyişikliklər rəqabət mühiti yaratmaqla kənd təsərrüfatı məhsullarının idxalının azaldılmasına və ölkədə həmin məhsullarının istehsalının artımına yönəlib.
Bundan əlavə, indiyədək kənd təsərrüfatı məhsulları istehsalçılarının əlavə dəyər vergisindən azad edilməsinə baxmayaraq, pərakəndə qaydada satılarkən həmin məhsulların tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi və bu da müəyyən qiymət artımına səbəb olurdu.
Dəyişikliklərə əsasən, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq üçün ölkədə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti ilə məşğul olan sahibkarlar tərəfindən satışı zamanı ƏDV-yə yalnız həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərq, yəni ticarət əlavəsi cəlb olunur.
Digər dəyişikliklərə görə, ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi ƏDV-dən 3 il müddətinə, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz azad edilmiş, banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilə qədər artırılıb. Bu dəyişikliklər sahibkarlıq və investisiya mühitinə müsbət təsir göstərəcəkdir.
Məcəllədə əsas dəyişikliklərdən biri də topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi, elektron qaimə-fakturanın və digər uçot sənədlərinin tətbiqidir. Bu, nəticə etibarilə mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsinə, vergidən yayınma hallarının aradan qaldırılmasına və uçot sistemində şəffaflığın artmasına şərait yaradır.
- Vergi Məcəlləsinə edilmiş dəyişikliklər arasında iş adamları üçün xüsusi maraqlı olanı gəlirlərin könüllü bəyan edilməsi idi. Bu mexanizm özünü doğruldurmu? İndiyədək gəlirlərini könüllü bəyan edənlər olubmu və onların sayı nə qədərdir ?
– Vergi Məcəlləsinə könüllü vergi açıqlaması sisteminin tətbiqi ilə bağlı müddəalar beynəlxalq təcrübə nəzərə alınmaqla əlavə edilib.
Könüllü vergi açıqlaması dedikdə səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməmiş və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi nəzərdə tutulur.
Dəyişikliyə qədər qüvvədə olan qanunvericilikdə vergi ödəyicisinin dəqiqləşdirilmiş vergi bəyannaməsini səyyar vergi yoxlaması başladığı günədək vergi orqanına təqdim edə bilməsi nəzərdə tutulurdu. Lakin dəyişiklik vergi ödəyicilərinə imkan verir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən aşkar edilməmiş və əlavə vergi hesablanmasına səbəb olacaq halları könüllü şəkildə bəyan etsin və səyyar vergi yoxlamasının aparıldığı dövrə görə dəqiqləşdirilmiş bəyannamə təqdim etsin. Təqdim edilmiş həmin bəyannamə üzrə yalnız könüllü açıqlanmış vergi məbləği büdcəyə ödənilir, həmin məbləğə faiz hesablanmır və maliyyə sanksiyası tətbiq edilmir.
Ötən dövr ərzində bir vergi ödəyicisi tərəfindən könüllü bəyannamə təqdim edilərək dövlət büdcəsinə 15.816 manat vəsait hesablanıb.
- Maraqlı yeniliklərdən biri də əvvəlcədən razılaşma mexanizmi idi…
– Elədir. Məlumdur ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməməsi nəticəsində maliyyə sanksiyalarının ödənilməsi onların əlavə maliyyə itkilərinə səbəb olur. Vergi Məcəlləsinə edilmiş dəyişiklərdə belə halların qarşısının alınması və vergilərin güzgün hesablanaraq ödənilməsini təşviq etmək məqsədilə, vergi ödəyiciləri tərəfindən aparılması nəzərdə tutulan əməliyyatlar üzrə yaranacaq vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi ilə bağlı mexanizmi nəzərdə tutulub.
Bu mexanizmə əsasən, vergi orqanı tərəfindən vergi ödəyicisinin müraciəti əsasında iri məbləğli müqavilələr üzrə yaranacaq vergi öhdəlikləri həmin müqavilədə nəzərdə tutulmuş əməliyyatlar aparılanadək müəyyən edilir. Həmin müqavilə üzrə sonradan müəyyən edilmiş vergi öhdəliklərindən əlavə vergilər hesablanmır və maliyyə sanksiyaları tətbiq edilmir.
Bu mexanizm bir çox dövlətlərin, o cümlədən Almaniya, Fransa, Avstriya, Belçika, Kanada, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, İsrail, İtaliya, Yaponiya, Niderland, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ və s. ölkələrin vergi qanunvericiliyinə daxil edilmişdir.
- Vergitutmada əsas problemlərdən biri transfer qiymətləri ilə bağlı idi. Bununla əlaqədar hansı işlər görülür və onların nəticələri varmı?
– Müxtəlif vergitutma normaları olan ölkələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin apardıqları kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması üçün ən yaxşı mexanizmlərdən biri transfer qiymətlərinə nəzarətdir.
Transfer qiymətinin tətbiqinin məqsədi bir-biri ilə qarşılıqlı əlaqəli şəxslər (şirkət və onun daimi nümayəndəliyi, eyni təsisçisi olan şirkətlər və s.) tərəfindən həyata keçirilən əməliyyatların bazar qiymətləri prinsipinə uyğun aparılmasına nəzarət etmək və vergitutma bazasının azaldılmasının qarşısını almaqdır.
Vergi Məcəlləsinə əsasən, transfer qiymətləri təqvim ili ərzində yalnız ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara tətbiq olunur və mənfəət vergisinin məqsədləri üçün istifadə edilir.
Əlavə olaraq, qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası əsasında Vergilər Nazirliyi tərəfindən hazırlanmış «Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün» Strateji Planda nəzərdə tutulan «Transfer qiymətlərinin tənzimlənməsi sahəsində qanunvericilik bazasının və inzibati nəzarət mexanizmlərinin yaradılması» mövzusunda Tvinninq layihəsi təklifi aidiyyəti üzrə təqdim edilib. Bu layihə vergitutma bazasının genişləndirilməsindəki rolu və aktuallığı baxımından Avropa Komissiyası tərəfindən müsbət qarşılanıb. Hazırda «Transfer qiymətlərin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək» adlı Tvininq layihəsinin həyata keçirilməsi ilə bağlı tenderin keçirilməsi və tərəfdaş ölkələrin müəyyən olunması istiqamətində Avropa Komissiyası ilə danışıqlar aparılır. Bu layihənin əsas məqsədi transfer qiymətləri ilə bağlı praktiki məsələlərin inzibatçılığına dair Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənmək və gələcəkdə mövcud qaydaları daha da təkmilləşdirməkdir.
- Maraqlı yeniliklərdən biri də fərdi əməklə məşğul olanlar üçün sabit vergi məbləğinin tətbiq edilməsi oldu. Bu təcrübə özünü doğrultdumu?
– Doğrudan da, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə edilmiş dəyişiklikliyə əsasən, bəzi fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» almaqla fəaliyyət göstərməlidirlər. Həmin vergi ödəyiciləri xidmət mərkəzlərinə müraciət edərək həmin anda «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» əldə edirlər. Artıq qəbzin internet vasitəsilə elektron qaydada müraciət etməklə əldə olunması imkanı da yaradılmışdır.
Fəaliyyətini «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» almaqla həyata keçirən fiziki şəxslər bu fəaliyyətə görə vergi orqanına bəyannamə təqdim etmirlər.
Məlumat üçün bildiririk ki, cari ilin yanvar-iyun ayları ərzində 1595 vergi ödəyicisi tərəfindən 3035 sayda «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» alınıb.
- Vergi partnyorları üçün nəzərdə tutulan «yaşıl dəhliz» praktikası lazımi effekti verirmi? «Yaşıl dəhliz»dən istifadə aktivliyi nə səviyyədədir?
– Vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə intizamlı vergi ödəyicilərinə xidmətin «yaşıl dəhliz» prinsipi əsasında həyata keçirilməsinə keçən ildən başlanılıb. Bu sistem vergi ödəyiciləri ilə vergi orqanları arasında etimadın və şəffaflığın artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və vergilərin könüllü ödənilməsinin yüksəldilməsini nəzərdə tutur. Partnyor vergi ödəyicisi statusuna malik şəxslər ilk növbədə vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar. Bu günə qədər 451 vergi ödəyicisi şəffaf vergi partnyorluğu statusunu əldə edib və həmin statusu əldə edən vergi ödəyicilərinin sayı artmaqdadır.
- Bu ilin əvvəlində «Nağdsız hesablaşmalar haqqında» Qanun da qüvvəyə minib. Bu qanunun qəbulundan sonrakı dövrdə nağdsız ödənişlərin dövriyyəsi artıbmı?
– Əlbəttə, «Nağdsız hesablaşmalar haqqında» Qanunun tətbiqi öz səmərəli nəticəsini verir. Belə ki, qanunun tətbiqi nəticəsində iqtisadiyyatın bütün sahələrində nağdsız ödənişlərin dövriyyəsinin artmasına, xərclərin şəffaflığının təmin edilməsinə, gəlirlərin, əmək haqqlarının və digər ödənişlərin leqallaşmasına və digər iqtisadi göstəricilərinin yüksəlməsinə şərait yaranıb. Bu isə vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanıb ödənilməsi, vergidən yayınma hallarının azalması və vergi sahəsində şəffaflığın artmasına səbəb olub. Konkret rəqəmlərə müraciət edək. Məsələn, cari ilin bitən dövrü ərzində mal, iş və xidmətlərin alınmasına görə nağd pul məxarici 62,6 faiz, ticarət müəssisələri üzrə 67,5 faiz, əmək haqqı və digər ödənişlər üzrə 75,3 faiz azalıb. Qanunun gələcək tətbiqi qeyd etdiyim sahələrdə səmərəliliyin daha da artmasına imkan yaradacaqdır.
- İlin əvvəlində Vergilər Nazirliyində də struktur dəyişiklikləri baş verib. Bu dəyişikliklər nə qədər effektli olub?
– İlin əvvəlində nazirlikdə aparılan struktur dəyişiklikləri vergi inzibatçılığı sahəsində daha çevik və səmərəli sistemin qurulması ilə bağlı olub və öz müsbət nəticəsini göstərib. Milli vergi administrasiyasındakı son dəyişikliklər istər mahiyyət, istərsə də əhatə baxımından daha böyük əhəmiyyətə malikdir.
İndiyədək vergi orqanlarında əsas iş yükü böyük dövriyyəsi olan vergi ödəyiciləri ilə aparılan işlərə yönəldilirdi və dövriyyələrindən asılı olmayaraq, bütün vergi ödəyicilərinə (iri, orta və kiçik) eyni inzibati mexanizmlər tətbiq edilirdi. Yeni dövrdə isə vergi inzibatçılığında bu yanaşmanı dəyişmək, hər kateqoriyaya aid vergi ödəyicisinə ona uyğun yanaşmalar tələb olunurdu. Buna görə də dəyişikliklər zamanı beynəlxalq təcrübədə geniş istifadə olunan «fərdi yanaşma» və «dövriyyə intervalları» prinsipləri əsas götürüldü.
«Dövriyyə intervalları» prinsipi vergi inzibatçılığının bütün sahələrində tətbiq edilməklə, vergi ödəyicilərinə münasibətdə yanaşmanı diferensiallaşdırmaq, daha səmərəli, çevik və şəffaf inzibatçılığı yaradıldı. Burada əsas yanaşma, kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı təmin etmək, fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.
Yeni struktur quruluşu, ilk növbədə, iri vergi ödəyiciləri üzrə işlərin daha keyfiyyətli təşkilinə, orta sahibkarlarla münasibətlərin əsasən partnyorluq müstəvisində qurulmasına, kiçik sahibkarlara münasibətdə isə daha sadə və səmərəli vergi inzibatçılığının yaradılmasına xidmət edir.
Fərqli dövriyyəyə malik və fərqli sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə fərdi yanaşma prinsipinin tətbiqi belə ödəyicilərə daha səmərəli xidmətlərin göstərilməsinə, onlarda vergi nəzarəti tədbirlərinin minimallaşdırılmasına, belə ödəyicilərə münasibətdə vergilərlə bağlı bütün tədbirlərin, faktiki olaraq, «bir pəncərə» prinsipi üzrə həyata keçirilməsinə imkan verir.
- Azərbaycandakı xarici və yerli iş adamlarının fəaliyyətlərini əlaqələndirmək, biznesin inkişafına dəstək məqsədilə bir müddət əvvəl Azərbaycanda «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi» (TUİB) qurulub. Sizcə, bu qurum ölkədə sahibkarlığın maariflənməsinə hansı faydalar verə bilər və TUİB-in fəaliyyətindən hansı gözləntiləriniz var?
– «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi»nin yaradılması ölkələrimiz arasında olan iqtisadi əlaqələr baxımından mühüm əhəmiyyət kəsb edir.
Vergilər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən, ölkə iqtisadiyyatına investisiya yatıran əcnəbi iş adamlarının fəaliyyətini koordinasiya edən bir çox birlik və qurumlarla sıx əməkdaşlıq edir. Mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi aparılır, əcnəbi iş adamlarının vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təklifləri diqqətlə dinlənilir. Təbii ki, burada TUİB-lə qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsinə xüsusi önəm verilir. Bu baxımdan, birlik tərəfindən türkiyəli və yerli iş adamlarının fəaliyyətinin koordinasiyası, Azərbaycanda biznesin inkişafı və qanunvericiliyin tətbiqi sahələrində hərtərəfli maarifləndirmə işləri aparılacağına, son nəticə olaraq, hər iki ölkənin biznes strukturları arasında körpü rolu oynayacağına inanıram.
Qeyd edək ki, İlkin Vəliyev TUIB-in «İş dünyamız» jurnalına Azərbaycanın vergi sistemində baş verən dəyişikliklər, tətbiq edilən yeniliklər, onların məqsədi və dəyişikliklərin ilkin nəticələri ilə bağlı müsahibə verib.