Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergi ödəyicilərinin suallarına cavab verib.
- Kənd təsərrüfatı məhsullarından formalaşan emal məhsullarının satışı vergiyə cəlb olunurmu?
Vergi məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı sənaye üsulu da daxil olmaqla heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir.
Belə ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatının satışı üzrə dövriyyələr mənfəət vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilib.
Qeyd olunanlara əsasən, istehsalçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa həmin məhsullara görə ümumi qaydada seçdiyi vergitutma metodundan asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.