Yanlış ödənilmiş vergini necə geri qaytarmaq olar?
Bu suala Vergilər Nazirliyinin rəsmi saytında cavab verilib.
Bildirilib ki, vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğlərindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğləri digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Bundan sonra artıq ödəmələr vergi ödəyicisinin yazılı müraciəti əsasında müvafiq inzibati prosedurlar yerinə yetirilməklə 45 gün ərzində qaytarılır.
Vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.
Qeyd edək ki, əlavə məlumat üçün Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”na baxa bilərsiniz.