“Caspian Energy Transport Forum”u keçirilib

Sentyabrın 20-də “Caspian Energy Transport Forum”u keçirilib. Belə ki, Bakıda “Caspian European Club” və “Caspian American Club” tərəfindən Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə təşkil olunan “Caspian Energy Forum” unun xüsusi sessiyasında nəqliyyat sektorunun əsas məsələləri və problemləri müzakirə edilib.

Biznes forumunda çıxış edən Ramin Quluzadə iştirakçılara nəqliyyat sektorunun gələcək inkişafı istiqamətində görülən tədbirlər, müvafiq infrastrukturun təkmilləşdirilməsi, planlar və perspektivlər barədə məlumat verib.

“Bu layihələr “İpək Yolu”nun canlanmasını, regionda daha effektiv nəqliyyat bağlantılarının yaradılmasını təmin edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə tranzit daşımaların asanlaşmasına və əlavə yük axınlarının cəlb olunmasına şərait yaradacaqdır”, – deyə nazir bildirib.

Görüşdə, həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi üzrə istiqamətlər qeyd edilib, eləcə də “Caspian European Club” və “Caspian American Club” klublarına üzv şirkətləri maraqlandıran məsələlər müzakirə olunub.

“Caspian Energy Transport Forum”un işində Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, İran, Aİ-nin 200-ə yaxın biznesmeni, həmçinin beynəlxalq şirkət nümayəndələri və Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilat rəhbərləri iştirak edib.

Forum çərçivəsində qeyri-rəsmi şəraitdə sahibkarların  qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılmasına dair onları maraqlandıran suallara, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərə toxunulub.

Qeyd edək ki, “Caspian European Club” və “Caspian American Club”a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub. Günün ikinci yarısında altıncı “CEO Lunch Baku” keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır