Dünyanın ən məşhur elektron satış portalı Alibaba, Azexport portalının fəaliyyətini uğur hekayəti kimi qəbul edərək, bu haqda öz rəsmi səhifəsində məqalə paylaşıb. Azərbaycandan ilk olaraq, Azexport portalının fəaliyyəti əməkdaşlıq nümunəsi kimi təqdim edilib.
Qeyd olunub ki, Azexport portalı məhz Alibaba vasitəsi ilə Azərbaycan məhsullarını bütün dünyaya nümayiş etdirmək şansı əldə edib. Hazırda Alibaba.com saytında “Made in Azerbaijan” brendi ilə tanınan 300-dən artıq məhsul nümayiş olunur.
Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova bildirib ki, Alibabanın uğur hekayəti olması Azexportun 1 yaşının tamam olmasında gözəl bir hədiyyə olub.
Qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Alibaba.com portalında Azexport tərəfindən təqdim olunan Azərbaycan mallarına dünyanın müxtəlif ölkələrindən 150 mindən çox müştəri tərəfindən baxış olub.