“Asan İmza” Kiyevdə keçirilən beynəlxalq forumda təqdim olunub

2017-ci il 3-4 oktyabr tarixlərində Kiyev şəhərində PKI FORUM UA – 2017 IV Beynəlxalq forumu keçirilib.  Belə ki, tədbir Ukraynanın Ədliyyə Nazirliyi, Ukraynanın xüsusi rabitə və informasiyanın mühafizəsi Dövlət Xidməti, Ukraynanın Dövlət Miqrasiya Xidməti, Ukraynanın elektron idarəetmə məsələləri üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil edilib.

Forumda Azərbaycanda Mobile ID Konsorsiumunun və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan AZINNEX (Azerbaijan Consortium of Export Innovations) Konsorsiumunun üzvü, eləcə də “Asan İmza” mobil elektron imza xidmətinin operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe “Mobile ID – Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı və transsərhəd elektron xidmətlərə təhlükəsizlik açarıdır” adlı məruzə ilə çıxış edib.

Yana Krimpe yeni texnologiyaların reallaşdırılması və xüsusilə post-kvant kriptoqrafiyasının reallaşdırılması məsələsində yüksək texnoloji təcrübənin qarşılıqlı şəkildə zənginləşdirilməsi məsələlərində iki ölkə arasında əməkdaşlığın davam etdirilərək yeni perspektivlər açacağını xüsusilə vurğulayıb.

PKI FORUM UA – 2017 konfransında Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən Azexport.az portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır