ƏMDK-da 2017-ci ilin 9 aylığına dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

Belə ki, Strateji Yol Xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında Komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53%-nin icrasını təmin edib. Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib. Komitə 9 istiqamət üzrə birinci icraçıdır. Bu  sənədin icrasının təmin edilməsi məqsədi ilə ƏMDK tərəfindən tədbirlər planı hazırlanıb və həmin istiqamətlər icra edilməkdədir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı 1032-ə yaxın monitorinq aktı təhlil edilib. 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb.

Komitə tərəfindən istifadəyə verilmiş “Özəlləşdirmə portalı”ndan yanvar-sentyabr ayları ərzində istifadə edənlərin sayı 600 minə yaxın olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan istifadə edənlərin sayı 960 mini keçib.

2017-ci ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 40-a yaxın hərrac keçirilib.

Qeyd edək ki, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır