Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Bakı şəhəri üzrə də 230 ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər (mal və materiallar) alınıb verilib. Onlar əsasən xidmət və istehsal yönümlü fərdi təsərrüfatlarını formalaşdırıb.
Beləliklə də, cari ilin fevral ayından başlayaraq artıq 1132 ailənin öz fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq fəaliyyətinə və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilib. Hazırda digər proqram iştirakçılarının da aktivlərlə təmin olunması yönündə işlər davam etdirilir.
Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk növbədə iki aylıq təlim kursları təşkil olunub. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən aparılan kurslarda onlara təsərrüfatın idarə olunması və inkişaf etdirilməsi ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları qiymətləndirmə zamanı müsbət dəyərləndirilən şəxslərə ailə təsərrüfatlarını qurmaları üçün cari ilin fevral ayından aktivlərin verilməsinə başlanılıb.
Qeyd edək ki, 2018-ci ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının dəfələrlə artırılmasına imkan yaradacaq.