Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib. Vergilər Nazirliyi tərəfindən mövcud vakant vəzifələrə işə qəbul üzrə növbəti müsabiqə elan edilib.
Müsabiqəyə sənəd qəbulu 30 avqust 2017-ci il tarixdən 13 sentyabr 2017-ci il tarixədək elektron ərizə formasında aparılıb. Müsabiqə elanı KİV-də, o cümlədən Vergilər Nazirliyinin rəsmi internet saytında, habelə “Facebook” və digər sosial səhifələrdə yerləşdirilərək ictimaiyyətə açıq elan edilib. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanında istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı nazirliyin internet saytı vasitəsi ilə namizədlərə çatdırılıb.
Müsabiqədə iştirakla bağlı 1480 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 985 nəfəri namizəd qismində müsabiqəyə buraxılıb.
İmtahanın nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə elan ediləcək.