Yaşa görə pensiyaya çıxmış şəxslər işləməkdə, pensiya kapitallarını toplamaqda davam etsələr də, yalnız əmək fəaliyyətini tam dayandırdıqdan sonra pensiyalarını yenidən hesablatdıra bilərdilər. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş son dəyişikliklərə əsasən, bu məhdudiyyətlər aradan qalxıb.
Həmin dəyişikliklərə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri tərəfindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən şəxslərin müraciətləri əsasında onların pensiyalarının yenidən hesablanaraq artırılması həyata keçirilir.
Bu günədək respublika üzrə 7 692 nəfər pensiyaçı bu hüquqdan yararlanıb və onların pensiyasının aylıq məbləği orta hesabla 175.7 manat artırılıb. Artımlara yönəldilən əlavə vəsaitin aylıq məbləği isə 1.35 mln. manat təşkil edib.