BFB-nın Azərbaycan kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş – “Listinq Məsləhət Proqramı” üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq audit və konsaltinq xidmətləri göstərən “Grant Thornton International” (GTI) Azərbaycan şirkəti qoşulub.
Bununla əlaqədar olaraq, 27 Oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasının İdarə Heyəti sədri Vüqar Namazov və GTI-nin Azərbaycan şirkətinin idarəedici partnyoru Farouk Mohamed tərəfindən “Listinq Məsləhət Proqramı”-na qoşulma haqqında saziş imzalanıb.
Əməkdaşlıq haqqında Sazişə əsasən GTI şirkəti, BFB-yə müraciət etmiş Emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyyə və təlim xidmətlərinin təqdim edilməsi və birgə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.