Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Koreya Respublikasının nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsinin müzakirə edilməsidir.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev nümayəndə heyətinə sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin dolğun təminatına nail olunması üçün icra olunan mühüm sosial proqramlar və ölkəmizin sosial müdafiə sistemi barədə ətraflı məlumat verib: “Geniş əhatəliliyə malik olan bu sistem vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 450,9 min nəfər sosial müavinət, 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardımla təmin olunur. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 59,3 min nəfər şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir, 16,3 min nəfərdən çox insana isə stasionar və səyyar formada sosial xidmətlər göstərilir”.