Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə“Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə Sumqayıtda keçirilib. Müzakirə zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov və Sumqayit Şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov çıxışlar ediblər.
Onlar bildiriblər ki, Abşeron iqtisadi rayonunun ölkədə aparılan iqtisadi islahatların fonunda əhəmiyyətli inkişafı nəzərə çarpır. Sumqayıtın sənaye potensialı ölkənin qeyri-neft ixracının artımı və iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Xüsusilə, Kimya Sənaye Parkında polimer, iri diametrli polietilen boru, polad boru və şüşə lövhələrin istehsalı təkcə qeyri-neft sənayesi üçün deyil, bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafına xidmət edir. Sumqayıt Texnologiyalar Parkı ölkədə iqtisadi modernizasiya siyasətinin parlaq nümunəsidir. Abşeron iqtisadi rayonu həm də turizm və kənd təsərrüfatının da inkişafı üçün potensiala malikdir.
İctimai müzakirələr zamanı İİTKM-nin Departament rəhbəri Ayaz Çaparlı və İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov iqtisadi islahatlar barədə prezentasiyalar təqdim ediblər.
Qeyd edək ki , tədbirdə Vergilər nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin rəhbəri Abbas İsmayılov və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də iştirak edib.