ABA-nın rəhbərliyi “APA Holdinq”də olub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev “APA Holding”də olub. Z.Nuriyevlə yanaşı, təşkilatın icraçı direktoru Yunus Abdulov, icra aparatının baş iqtisadçısı Bəhruz Əhmədov və ABA-nın Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə ekspert qrupunun rəhbəri Zakir Kazımov da şirkətin qonağı olublar.

“APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, tərəflər arasında konstruktiv, hərtərəfli və əhatəli əməkdaşlıq mövcuddur, bu əlaqələr uzunmüddətli dövrü əhatə edir. “Lakin hər iki qurumun fəaliyyəti durmadan və müsbət istiqamətdə inkişaf etdiyindən əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Düşünürəm ki, hər iki tərəf əməkdaşlığın genişləndirilməsində maraqlıdır”.

Holdinqin prezidenti ABA rəhbərliyinə mətbuata açıq bir təşkilat olduğu üçün xüsusi minnətdarlığını bildirib. “Xüsusilə, bəzi həssas məqamlarda məhz ABA cəmiyyət olduqca vacib məsələlərə dair öz şərhlərini verir. Bu baxımdan ABA rəhbərliyinin üzərinə ağır və məsuliyyətli yük düşür. Şadam ki, assosiasiya və onun rəhbərliyi öz məsuliyyətini dərk edir və cəmiyyəti maarifləndirməyi özünə borc hesab edir”, – deyə o vurğulayıb.

V.Mahirqızı əlavə edib ki, atılan addımlara baxmayaraq, əhalinin maliyyə savadlılığı ilə bağlı problemlər qalmaqdadır: “Bu problemin aradan qaldırılması üçün ciddi işlər görülməlidir. Media da sosial məsuliyyətini dərk etməlidir. Bu baxımdan ABA kimi təşkilatlarla media birgə layihələr reallaşdırmalıdır. “APA Holdinq”in strukturuna daxil olan media qurumları bunun üçün bir platforma rolunu oynaya bilər”.

Görüş zamanı bankların hesabatlılığına dair məsələlər də müzakirə olunub. “Ötən ilin tendensiyası onu göstərdi ki, bir çox banklar həm audit, həm də balans hesabatlarını vaxtlı-vaxtında açıqlamırdı. 2017-ci ildə bu sahədə vəziyyət müsbətə doğru dəyişib. Lakin hələ də hesabatlarını açıqlamayan banklar var. Bundan başqa, hesabatlarını natamam formada açıqlayan bankların sayı da az deyil. Bu isə media üçün ciddi problemdir. Ümid edirəm ki, vəziyyət yaxşıya doğru dəyişəcək və 100%-lik nəticəni əldə etmək mümkün olacaq”, – deyə holdinq rəhbəri qeyd edib.

Öz növbəsində ABA prezidenti rəhbərlik etdiyi təşkilatla “APAHoldinq” arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Mən xüsusilə APA informasiya agentliyi ilə münasibətlərimizi vurğulamaq istərdim. İnanıram ki, sektorda gedən prosesləri dolğun, əhatəli və dəqiq şəkildə işıqlandıran agentlik bundan sonra da öz ampluasında olacaq. Təbii ki, hər bir tərəflə olduğu kimi, biz media qurumları ilə əməkdaşlığımızın genişləndirilməsinin də tərəfdarıyıq ki, “APAHoldinq” də bu baxımdan öncül sıralardadır”.

Maliyyə savadlılığı məsələsinə toxunan bu sahədə Z.Nuriyev vəziyyətin ürəkaçan olmamasını etiraf edib. ABA prezidenti qeyd edib ki, bununla bağlı vahid proqram hazırlanmalıdır: “Dünya praktikası göstərir ki, Maliyyə savadlılığı  üzrə milli şura formatında bir qurumun yaradılması və vahid proqramın hazırlanması vacibdir. Bu məsələdə kommunikasiya olduqca zəruridir. Pərakəndə şəkildə hansısa qurumlar və ya təşkilatlar nə qədər iş görsə, layihələr reallaşdırsalar da, bu, həmin effekti verməyəcək. Lakin vahid proqram üzrə, kommunikasiya edərək layihələrin reallaşdırılması ilə biz olduqca geniş kütlənin maariflənməsinə, maliyyə savadlılığının artırılmasına nail ola bilərik”.

Onun sözlərinə görə, ABA maliyyə savadlılığının artırılmasına yönəlmiş layihələrin reallaşdırılması baxımından media nümayəndələri və tələbələr üçün tədbirlər təşkil edir.

Assosiasiya prezidenti deyib ki, media nümayəndələrinin maliyyə savadlılığının artırılması da olduqca vacibdir: “Cəmiyyət informasiyadan, informasiya isə cəmiyyətdən asılıdır. Bu baxımdan media öz məsuliyyətini dərk etməlidir. Biz mətbuat üçün kifayət qədər açıq təşkilatıq və istənilən media qurumu ilə əməkdaşlığa hazırıq. Media nümayəndələri unutmamalıdır ki, bu, həm də bir təhlükəsizlik məsələsidir. Belə ki, maliyyə sektoru iqtisadiyyatın onurğa sütunudur. Bu sütun dağılarsa, bunun nəticələri heç birimiz üçün yaxşı olmaz. Hər kəs ilk növbədə vətəndaşlıq borcunu hiss etməlidir”.

Daha sonra ABA-nın icraçı direktoru Yunun Abdulov təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Təşkilatın tərkibində 9 ekspert qrupunun yaradıldığını deyən icraçı direktor qeyd edib ki, bu, Avropa təcrübəsinə əsaslanaraq atılan bir addımdır: “Ekspert qrupları mütəmadi olaraq təşkil olunan iclaslarında bank sektorunun nümayəndələrini maraqlandıran məsələlər qaldırılır, onların həlli yolları axtarılır. Bununla yanaşı, bank rəsmiləri iclaslarda öz təkliflərini də verir. Başqa sözlə, bu, banklar üçün olduqca vacib bir platformadır”.

Y.Abdulov əlavə edib ki, ABA-nın törəmə təşkilatı olan Bank Ombudsmanının saytı (www.bankombudsman.az) da “APA Holdinq” MMC-nin tərkibinə daxil olan “Apamark” Marketinq və PR şirkəti tərəfindən hazırlanıb.

Görüş çərçivəsində tərəflər gələcək əməkdaşlığın formatını cızıb. Hər iki tərəf əlaqələrin genişləndirilməsinə dair razılığını ifadə edib.

Görüşdə “APA Economics”in baş redaktoru İlkin Əhmədov da iştirak edib və fikirlərini bildirib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır