“Azərbaycanda 87 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir”

İqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini ilə görüşüb.

Görüşdə bildirilib ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb və 2014-cü ildə bu sənəddə əməkdaşlığın əsas istiqamətləri əksini tapıb.

İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, nazir Şahin Mustafayev İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycanda 87 İtaliya sərmayəli şirkətin fəaliyyət göstərdiyini, İtaliya şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə podratçı qismində də iştirak etdiklərini qeyd edib. Ölkələrimiz enerji sahəsində də uğurla əməkdaşlıq edir, bu sahədə birgə layihələr həyata keçirilir. İtaliya Cənub Qaz Dəhlizi layihəsinin son təyinat ölkəsidir. Cənub Qaz Dəhlizi layihəsinin uğurla yerinə yetirildiyini diqqətə çatdıran iqtisadiyyat naziri layihənin icrasında TAP layihəsi üzrə İtaliya hökumətinin dəstəyinin vacibliyini vurğulayıb.

İndiyədək ölkələrimiz arasında 10-dan çox biznes forum və işgüzar görüşün keçirildiyini xatırladan iqtisadiyyat naziri “Milan Expo 2015” Sərgisində Azərbaycanın ilk dəfə milli pavilyonla təmsil olunduğunu və ölkəmizin investisiya imkanları barədə təqdimatın keçirildiyini qeyd edib. Bildirilib ki, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün AZPROMO və İtaliya-Azərbaycan Ticarət Palatasının iştirakı ilə geniştərkibli görüş keçirilə bilər.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini bildirib ki, TAP İtaliya üçün vacib və prioritet layihələrdəndir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır