“Bank-maliyyə sektorundakı müsbət meyllər “Strateji Yol Xəritələri”nin icrasına başlanması ilə birbaşa bağlıdır”

“Bütövlükdə iqtisadiyyatda və ayrılıqda onun vacib tərkib hissəsi olan maliyyə-bank sektorunda cari ilin əvvəlindən etibarən müşahidə edilməyə başlayan müsbət meyillər 06 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanmış fərmana əsasən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və iqtisadiyyatın prioritet sahələri üzrə “Strateji Yol Xəritələri”nin icrasına başlanması ilə birbaşa bağlıdır”. Bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev II Bankçılıq Forumunda çıxışı zamanı deyib.

Bildirilib ki , İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji islahat proqramının icrasının monitorinqi apararaq bu barədə mütəmadi qaydada ictimaiyyəti geniş şəkildə məlumatlandırır.

“Hesab edirik ki, bütün sahələrdə xüsusi ilə bank-maliyyə sektoru üzrə strateji yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin tam həcmdə və vaxtında yerinə yetirilməsi çox mühüm əhəmiyyət daşıyır. Müxtəlif səbəblərdən bu tədbirlərin nəzərdə tutulmuş vaxtlarda və tam həcmdə icra edilməməsi bəzi problemlərin daha uzun müddətdə qalmasını şərtləndirəcək”, -deyə Zakir Nuriyev qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır