Noyabrın 29-da İqtisadiyyat naziri Şahin Mustafayev Xorvatiya Respublikasının Baş nazirinin müavini, İqtisadiyyat, sahibkarlıq və peşə naziri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Xorvatiya arasında əlaqələrin inkişaf etdiyini, 2013-cü ildə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair bəyannamənin imzalandığını vurğulayıb. Bildirilib ki, ötən gün Bakıda Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın ilk iclasının keçirilməsi əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətlidir.
Şahin Mustafayev Xorvatiya şirkətləri üçün ölkəmizin sənaye və neft-kimya potensialına, bu sahədə həyata keçirilən layihələrə dair təqdimat keçirilməsini təklif edib. Azərbaycana Xorvatiyadan dərman idxal olunduğunu, hazırda ölkəmizdə əczaçılıq məhsulları istehsal edəcək zavodların tikintisi işlərinin davam etdiyini bildirən nazir Şahin Mustafayev bu sahədə əməkdaşlıq imkanlarını vurğulayıb.
Xorvatiya Respublikasının Baş nazirinin müavini, İqtisadiyyat, sahibkarlıq və peşə naziri xanım Martina Daliç Azərbaycana səfərindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. Martina Daliç vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına Birgə Komissiya da öz töhfəsini verəcəkdir. Xorvatiya Respublikasının Baş nazirinin müavini ölkələrimiz arasında İKT, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əməkdaşlıq üçün imkanları diqqətə çatdırıb.