Statistika Komitəsinin nümayəndələri Dayanıqlı İnkişaf Məqsədlərinə dair seminarda iştirak edir

28-30 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində Qazaxıstan Milli Statistika Komitəsi, BMT-nin Statistika şöbəsi, Avropa İqtisadi Komissiyası və Ətraf Mühit üzrə Proqramının təşkilatçılığı ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri, Monqolustan, Türkiyə və Rusiya milli statistika orqanlarının rəhbərləri üçün “Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinin istehsalına qeyri-ənənəvi məlumat mənbələrinin inteqrasiyası: İnstitusional və təşkilati mühit, əməkdaşlıq, dialoq və tərəfdaşlıq” mövzusunda seminar keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak edirlər.

Tədbirin gündəliyinə uyğun olaraq, rəsmi statistikanın və DİM göstəricilərinin hazırlanması üçün inzibati reyestrlər, geoməkan məlumatları və “Big Data” adlanan irihəcmli məlumatlar kimi qeyri-ənənəvi məlumat mənbələrinə də dövlət statistika orqanlarının əlyetərliliyinin təmin olunması, institusional, təşkilati və texniki mühit məsələləri müzakirə edilir.

Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri də təqdimatla çıxış edərək statistik reyestrlər və inzibati məlumat mənbələri, onların rəsmi statistikada istifadəsi sahəsində ölkəmizdə mövcud olan hüquqi baza və institusional mühitlə bağlı məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır