İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü keçirilib.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirak etdiyi görüşdə ölkəmizi İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda Türk Şurasına üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanların araşdırılması məsələləri müzakirə olunub.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin TDƏŞ-in iqtisadiyyat nazirlərinin 7-ci iclasına ev sahibliyi etməsindən məmnunluğunu bildirib, türkdilli dövlətlər arasında əməkdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev çıxışında bildirib ki, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin Türk Şurasına üzv dövlətlərlə ticarət dövriyyəsi 2,1 mlrd. dollar, o cümlədən idxal 1 mlrd. dollar, ixrac 1,1 mlrd. dollar təşkil edib. Bu dövrdə Türk Şurasının üzv dövlətlərinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 15%, o cümlədən idxalda 16%, ixracda isə 13% təşkil edib. Şahin Mustafayev təşkilata üzv dövlətlərin qarşılıqlı investisiya yatırımı üçün böyük imkanlarının olduğunu və bu potensialdan yararlanmağı, tranzit potensialını reallaşdırmağı təklif edib.