“2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər hökumət tərəfindən ilkin təhlil edilib”.
Bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, millət vəkillərinin təkliflərinə uyğun olaraq bəzi tədbirlər üzrə xərclər üçün tələb olunan maliyyə təminatını yaratmaq məsələsi nəzərdən keçirilib və bəzi istiqamətlər üzrə xərclər artırılıb.
“Dəyişikliklərin ediləcəyi təqdirdə 2018-ci ilin dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 141,5 milyon manat artırılaraq 21 milyard 47 milyon manata çatdırılıb. Bununla əlaqədar 2018-ci ilin dövlət büdcəsinin kəsiri ilkin proqnoza nisbətən müvafiq olaraq 141,3 milyon manat artırılaraq 920 milyon manata çatdırılır. Bu da cari il ilə müqayisədə 255 milyon manat və yaxud 21,7% azdır. Bu zaman büdcə kəsiri ÜDM-in 1,3%-nə bərabər olmaqla cari il ilə müqayisədə 0,4 faiz-bənd azalacaq. İcmal büdcənin gəlirləri ilkin proqnoza nisbətən 883 milyon manat və ya cari il ilə müqayisədə 1 milyard 29 milyon manat çox, xərcləri isə ilkin proqnoza nisbətən 1 milyard 737 milyon manat və ya cari il ilə müqayisədə 5 milyard 633 milyon manat az proqnozlaşdırılır.
İcmal büdcənin kəsiri 831 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da cari il üçün təsdiq olunmuş büdcə kəsiri ilə müqayisədə 6 milyard 761 milyon manat və ya 89% azdır. Növbəti il üçün icmal büdcənin kəsiri ÜDM-in 1,2% səviyyəsində proqnozlaşdırılır”, – deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, 2018-ci ilin dövlət büdcəsinə edilən artımlar Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində də artımlara gətirib çıxaracaq. Onun sözlərinə görə, bu məqsəd üçün tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Muxtar Respublikaya nəzərdə tutulan dotasiyanın artırılması hesabına təmin ediləcək.
Layihə səsə qoyularaq qəbul edilib.