Dövlət İdarəçilik Akademiyası ilə MBNP arasında memorandum imzalanıb

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin vacib bölmələrindən biri olan ölkədə maliyyə sahəsində bilik və bacarıqların artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 2017-ci il dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və  Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum iqtisadi inkişaf strategiyasının davamlılığının təmin olunmasında iştirak, əhalinin, o cümlədən də müvafiq ixtisas sahiblərinin maliyyə bazarları, onun məhsul və xidmətləri barədə maarifləndirilməsi, maliyyə bazarlarının inkişafına dair elmi tədqiqatların aparılması, orta və ali təhsil müəssisələrində maliyyə bazarlarına dair biliklərin tədrisinə dəstək verilməsi, maliyyə bazarları üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq məsələlərini əhatə edir. Sənədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Maliyyə Bazarlarına Nəzarət Palatasının  Baş icraçı direktoru İbrahim Alışov imza atıblar.

Memorandumun əsas prinsipi və mahiyyəti səmərəli əməkdaşlıq nəticəsində təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması və müvafiq layihələrin həyata keçirilməsi, habelə maliyyə və texniki dəstək göstərərək onların icra olunması istiqamətində müvafiq vəzifələrin həyata keçirilməsindən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır