KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanları müzakirə edilib

Dekabrın 8-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi istiqamətində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, yalnız 2017-ci ilin 11 ayı ərzində xarici və yerli ekspertlərin iştirakı ilə Bakıda və ölkənin regionlarında 108 treninq, seminar, dəyirmi masa və digər tədbirlər keçirilib. Tədbirlərdə 2000-dən çox dinləyici iştirak edib. Bu tədbirlər əhalinin müxtəlif qruplarını əhatə etməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün keçirilib.
Məlumat verilib ki, İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2009-2017-ci illərdə 338 sahibkar və menecer Almaniyada iqtisadi kooperasiya üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçib ki, onların da 38 nəfəri 2017-ci ildə göndərilib. Bütün ixtisasartırma kursu keçənlərin 20,1%-ni (68 nəfər) qadın sahibkarlar və menecerlər təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır