Zaqatalada “Şəbəkə” xidmət mərkəzi fəaliyyətə başlayıb

Ölkəmizdə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.

Əsaslı rekonstruksiya nəticəsində quraşdırılan avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə 30%-ə qədər qənaət olunacaq, müştərilərə yüksək səviyyəli xidmət göstəriləcək.

Eyni zamanda, qovşağın birinci mərtəbəsində “Şəbəkə” xidmət mərkəzi yaradılıb. Sahəsi 672 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bu məkanda təqdim ediləcək.

Zaqatalalılar “Şəbəkə” xidmət mərkəzinə gəlməklə  poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, poçtamt xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlərdən faydalana biləcək. Mərkəzdə “E-Gov Pay” ödəmə sistemi də fəaliyyət göstərir.

Ümumiyyətlə, 2017-ci ildə rayonda aparılan işlər nəticəsində xidmət keyfiyyəti yüksəlib, telefon xidməti abunəçilərinin sayı 450, internet abunəçilərinin sayı isə 1500 istifadəçi artıb. Hazırda Zaqatala rayonu üzrə 23 min sabit telefon abunəçisi var ki, onların da 60%-i internet abunəçisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır