Ticarətin təhlükəsiz və asan həyata keçirilməsi mövzusunda təlim keçirilir

Dekabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsi” mövzusunda təlim başlayıb.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunan təlimdə Azərbaycan, Tacikistan və Qırğızıstan gömrük xidmətlərinin müvafiq strukturlarının nümayəndələri iştirak edir.

Belə ki, təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müasir qloballaşan dünyada iqtisadiyyatın inkişafını təmin edən əsas amillərdən birinin gömrük infrastrukturunun yaradılması olduğunu bildirib. Bu baxımdan, Azərbaycanda gömrük əməkdaşlarının potensialının inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Səfər Mehdiyev əməkdaşların peşə biliklərinin artırılması istiqamətində bütün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Daha sonra Niderland Gömrük Xidmətinin ekspertləri Jan van İ və Kis Vişer təlimin mahiyyəti, ümumi gömrük işi və beynəlxalq ticarətin təhlükəsiz həyata keçirlməsi baxımından faydası barədə məlumat veriblər.

Qeyd edək ki, üçgünlük təlim zamanı plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsinin yolları, bu sahədə təcrübə mübadiləsi, narkotiklərin konteynerlərdə gizlədilməsi, konteyner yoxlaması zamanı sağlamlıq və təhlükəsizlik məsələləri və digər mövzularda bilgi veriləcək, praktiki məşğələlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır