Aİ rəqəmsal iqtisadiyyatın islahatını irəli aparmaqda qərarlıdır

Avropa Şurası Avropa İttifaqının rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi ilə bağlı islahatın beynəlxalq səviyyədə müzakirəyə çıxarmalı olduğu ilə razılaşıb. Şura ekspertlərinin fikrinə görə, bu sahənin adi biznes üçün hazırlanmış ənənəvi vergi qaydaları ilə idarə edilməsi mümkün deyil, mövcud qaydalar isə malların və xidmətlərin satıldığı ölkələrdə fiziki mövcudluğun tələb olunmadığı fəaliyyət üçün özünü doğrultmur.

BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Avropa Şurası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə, eləcə də digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində işləməyi tövsiyə edib. Şura transfer qiymətləndirmə və gəlirin əldə edilməsi yerinin müəyyənləşdirilməsi qaydalarında dəyişikliklər aparmağın tərəfdarıdır.

Gözlənilir ki, OECD 2018-ci ilin aprelində keçiriləcək G20 sammitində rəqəmsal iqtisadiyyatla bağlı aralıq hesabatı təqdim edəcək. ” Rəqəmsal iqtisadiyyatın artımı ilə əlaqədar vergi qanunlarına yenidən baxmağımız zəruridir. Həm rəqəmsal, həm də adi şirkətlərə eyni oyun qaydaları tətbiq etmək üçün vergitutmanın beynəlxalq normalarını dəyişdirmək lazım gəlir. Hazırda Aİ bu istiqamətdə fəal işlər görür”, Estoniyanın maliyyə naziri Tomas Toniste deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır