Bu ölkədə kriptovalyutadan vergi tutulacaq

Cənubi Koreya hökuməti kriptovalyuta ticarəti hesabına əldə edilən kapital artımının vergiy cəlb olunması ilə bağlı niyyətini açıqlayıb. İndiyədək qlobal miqyasda tənzimləyici orqanlar kriptovalyuta bazarında yaranmağa başlayan “köpükdən” narahatlıqlarını ifadə ediblər.

Məsələn, Avstraliyanın Milli Bankı dünyada ən məşhur kriptovalyuta olan bitkoinin dəyərinin 20 dəfə artaraq 20 min ABŞ dollarına çatması ilə bağlı bəyan edib ki, əsas kriptovalyutaların dəyərinin kəskin şəkildə artması irimiqyaslı möhtəkirlik üçün yeni imkanlar yaradır.

BBN.az Vergilər qəzetinə istinadən xəbər veirir ki, bankın sədri Filipp Loyun sözlərinə görə, bu aktivlərdən istifadə edən investorların çoxalması getdikcə daha çox möhtəkirlik maniyasını xatırladır.

Bundan əvvəl bitkoinə qarşı Yeni Zenlandiyanın Milli Bankının rəhbəri də çıxış edib. O, bildirib ki, kriptovalyuta ilə bağlı vəziyyət maliyyə bazarında yeni “köpüyün” yaranmasının siqnalını verir. Buna baxmayaraq, Asiyada kriptovalyuta populyarlığını davam etdirir və belə bir vəziyyət Cənubi Koreya rəsmilərini bu sahəni tənzimləməklə bağlı addım atmağa vadar edib.

Cənubi Koreya hökumətinin açıqlamasında qeyd edilib ki, kriptovalyuta alverindən gələn kapitalın artımının vergiyə cəlb edilməsi məsələsi gündəlikdədir. Bundan əlavə, qanunverici orqanda həddi-büluğa çatmamış şəxslərin hesab açılmasına qadağa qoyulması da təklif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır