Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan aktiv məşğulluq tədbirlərindən biri də işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatında mühüm rol oynayan Əmək yarmarkalarıdır. 2017-ci ildə də Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın 57 rayon və şəhərində Əmək yarmarkaları təşkil olunub.
Tədbirlərdə aidiyyəti rayon və şəhərlərdə fəaliyyət göstərən müəssisələr üzrə boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunub. Yarmarkalar zamanı 4 min nəfərə yaxın şəxsə seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun olan vakant iş yerlərinə göndərişlər verilib. Onlardan 100 nəfərə qədəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər olub ki, həmin şəxslər işlə təmin olunmaq üçün kvota əsasında ayrılmış iş yerlərinə göndəriliblər. Əmək yarmarkalarında göndəriş verilən şəxslərdən bu günədək artıq 88 %-i göndərildikləri iş yerlərində işlə təmin ediliblər.
Qeyd olunan aktiv məşğulluq tədbirlərində həmçinin 114 nəfər vətəndaşa haqqı ödənilən ictimai işlərə göndəriş verilib. Peşə və ixtisası olmadığı üçün özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə və ixtisasına uyğun gələn iş tapa bilməyən, bu səbəbdən yeni peşəyə yiyələnmək istəyən 245 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Ümumilikdə, bu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti 46 048 nəfər şəxsi münasib işlərlə, 1143 nəfər şəxsi isə haqqı ödənilən ictimai işlərlə təmin edib.