Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi və məşğulluğunun təminatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2017-ci ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 461 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib.
Özünüməşğulluq proqramının icrası çərçivəsində ötən il 1172 nəfər işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb ki, onlardan 60 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub.
Qeyd olunan insanların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılmasında onların peşə reabilitasiyası xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə son bir ildə Nazirliyin xətti ilə 432 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub. Həmin şəxslərdən 82 nəfəri üçün Xidmət tərəfindən əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.
Digər 350 nəfərin isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı həyata keçirilib.
Xatırladaq ki, 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 47,9 min nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, Dövlət Məşğulluq Xidməti (3560 nəfər) və Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi (350) tərəfindən 3910 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.