“Müştəriyə Sevgi” adlı seminar keçiriləcək

23 fevral tarixində Azərbaycanda ilk dəfə olaraq “Boulevard Hotel”də Leyla Əliyevanın aparıcılığı ilə “Müştəriyə sevgi” adlı tədbirin həyata keçirilməsi planlaşdırılır. Seminarın müəllifi  həkim psixoloq, biznes-konsultant  Həlimə Qəmərlinskayadır.

Bütün gün ərzində, yəni 09.00-dan 18:00-dək davam edəcək tədbirə giriş dəvətnamə ilədir.

Tədbirin baş sponsoru “PAŞA Sığorta”, əsas tərəfdaş “Azərcell”, qızıl sponsor isə HRC -dir. Bundan əlavə “Mybrands”, “Jasmin Travel”, “Carrousel chocolatier” şokolad brendi, “Soloha”, “Ağ çiçəyim”gül dükanları şəbəkəsi də tədbirin dəstəkçiləri sırasındadırlar. Admedia, AmCham Azerbaijan, ATİB və  BBN təşkilatları tədbirin informasiya dəstəkçiləridir.

Tədbirin birinci hissəsində seminarın müəllifi Həlimə Qəmərlinskayanın çıxışı gözlənilir. 2-ci hissədə  isə sponsorlardan spiker qısmində PAŞA Sığorta-nın idarə heyyətinin sədri Ülviyyə Cabbarova, HRC  şirkətinin icraçı direktoru Cəmilə Bayramova, Azercell şirkətinin İnnovasiya və Strategiya şöbəsinin rəhbəri İmran Bağırov,  BP şirkətinin  vitse prezidenti  Bəxtiyar  Aslanbəyli, AmCham Azərbaycan-ın icraçı  direktoru Natavan Məmmədovanın  çıxışları nəzərdə tutulub. Onların çıxışlarının mövzusu isə məhz “Müştəriyə sevgi” olacaqdır. Spikerlər tərəfindən mövzu konkret misallarla izah ediləcək və onlar iş prosesində üzləşdikləri bir sıra təcrübələri dinləyicilərlə bölüşəcəklər. Həmçinin iştrakçılar da sadəcə dinləyici kimi  deyil, interaktiv şəkildə tədbirdə  iştrak edəcəklər.

Tədbirin sonunda isə sponsor şirkətlərin təşkilatçılığı ilə lotereya keçiriləcək və qaliblərə hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, Həlima Qəmərlinskaya 18 ildən çox, psixi sağlamlıq sahəsində,  12 ildən çox isə müxtəlif şirkətlərdə Respublikada stress idarə edilmə sahəsində aparıcı  ekspert, bir sıra digər mövzularda təlimçi kimi fəaliyyət göstərir.

Həlimə xanım tədbir haqda fikirlərini bizimlə bölüşdü: “Bu mövzuda tədbir ölkəmizdə ilk dəfə keçirildiyinə görə, bu dəfə qapalı şəraitdə baş tutacaq. Tədbirdə  yalnız sponsorlar tərəfindən dəvət olunmuş müştərilər, həmçinin də  AmCham, ATİB və BBN-in üzvləri iştirak edə biləcəklər.  Qonaqlarımız müxtəlif sahələrdən olan  iş adamları və  biznes sahibləri olacaqlar.

Tədbirin mövzusu son illərdə çox ehtiyac duyulan “Müştərilərə sevgi” olacaq. Mənim fəaliyyət sferam psixoloji problemli insanlar olmaqla yanaşı,  həmçinin də şirkət əməkdaşlarının inkişafı ilə bağlıdır. Mən bilirəm ki, müştəriyə sevgi olmasa qurulan biznes də uğurlu olmayacaq. Tədbirin keçirilməsində əsas məqsəd müştəriyə olan sevgi meyarlarının, strategiyalarının və yollarının müzakirə etdirilməsidir. İndiki dövrdə  bizim cəmiyyətdə müştəri məmnuniyyəti anlayışı olsa da, müştəriyə sevgi anlayışı aşağı dərəcədədir. Bu tədbirdə mən öz iş təcrübəmdə yaşadığım  maraqlı anları qonaqlara çatdıracam.

Tədbirin keçirilməsi ideyası məndə A-GROUP Sığorta ilk şirkət olaraq bu mövzu ilə bağlı mənə psixoloq və təlimçi kimi müraciət etməsindən  sonra yarandı. A-GROUP Sığorta rəhbərliyi  işçilərinə “müştəriyə sevgi” anlayışını psixolojı tərəfdən işçilərlən müzakirəsini, işlərində “müştəriyə sevgi” meyarlarını daha uğurlu tətbiq etməsini istədi. Həmin şirkət artıq son il “Müştəriyə sevgi” anlamını bütün öz vision və strategiyalarda geniş həyata keçirir.

Apardığım kiçik araşdırmadan sonra məlum oldu ki, bütün dünyada bu anlayış var  və kifayət qədər də aktualdır. Bizim ölkədə şirkətlər öz adlarına görə müştəri məmnuniyyətini yüksək səviyyədə həyata  keçirirlər amma burda müştəriyə sevgidən söhbət getmir. Mən isə fokusu bir balaca dəyişdirərərək məsələyə  başqa istiqamətdən baxmağa başladım.  Düşündüm ki, nə üçün vaxtilə mənə pasiyent kimi müraciət edən insanlar artıq uzun illərdir ki, mənlə dost münasibətindədirlər, mənim yanımdadırlar. Başa düşdüm ki, bütün bunlar sevgidən irəli gəlir. Bu gün mənim elə ailəvi dostlarım var ki, onlar mənə 10 il bundan əvvəl problemləri ilə bağlı müraciət edərək yardım istəmişdilər.  Mən onlara sevgi göstərmişəm, bu isə onlarda loyallıq yaradıb. Daha sonra isə onlar məni öz yaxınlarına, dostlarına bir həkim kimi məsləhət görürdülər. Sevgi qarşılıqlı olur. Mənim sponsorlarım olmasaydı bu ideya yəqin ki, reallaşmayacaqdı. Çünki bu tədbirin keçirilməsi kifayət qədər maddi vəsait tələb edir. Ancaq mən bu fikri səsləndirən kimi sponsorlar dərhal mənə dəstək oldular.

Mənim fikrimcə müştəriyə yalnız  gəlir mənbəyi kimi baxmaq düzgün deyil. Müştəriyə sevgi və diqqət ayırmaq və onunla dost olmaq lazımdır. Əslində bu mövzu bizə yaxın mövzudur amma sadəcə olaraq indiyə kimi onu dilə gətirən və səsləndirən olmamışdı.

Şirkətlərlə danışdıqda onlar bildirirlər ki, bizdə bu cür misallar çoxdur. Belə bir imkanın yarandığına görə də bir çox şirkətlər bu tədbirə çox böyük həvəs göstərirlər və həvəslə iştirak etməyə can atırlar. “

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır