Mərkəzi Bankın sədri Dünya Bankının nümayəndə heyətini qəbul edib

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Dünya Bankının Azərbaycandakı fəaliyyəti, mövcud layihə portfeli, həmçinin Dünya Bankının Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Stategiyası çərçivəsində əməkdaşlığın yeni perspektiv istiqamətləri müzakirə olunub.

Nümayəndə heyətinin rəhbəri xanım Tembon Dünya Bankının Azərbaycan Respublikası ilə əməkdaşlığının qurulduğu 25 il ərzində həyata keçirilən layihələr zamanı əldə edilən nəticələr, qazanılmış təcrübə, göstərilən xidmətlərin önəmini xüsusi olaraq vurğuladı. Ölkədə dayanıqlı ikişafa nail olunmasında Azərbaycan Hökumətinin apardığı strateji iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edən xanım Tembon bu məqsədlə görülən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyini qeyd edib. O, həmçinin, Dünya Bankının Azərbaycanda fəaliyyətinin uğurla davam olunmasında göstərdiyi dəstəyə görə Mərkəzi Bankın sədrinə öz təşəkkürünü bildirib.

Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.

Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır