İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində fevralın 6-da Pekində Azərbaycan-Çin biznes forumu keçirilib.
AZPROMO, Çinin Kommersiya Nazirliyi və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın Çin ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığın bütün sahələrdə genişlənməsində maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan və Çin dövlət başçıları arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli əlaqələrin iqtisadi, humanitar və digər sahələrdə inkişafı üçün möhkəm təməldir. Nazir Şahin Mustafayev bildirib ki, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. 2017-ci ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsinin 43% artaraq 1,2 mlrd. ABŞ dolları təşkil etdiyini, bu ölkəyə ixracın 2,1 dəfə artdığını diqqətə çatdıran iqtisadiyyat naziri ticarət dövriyyəsinin artırılmsı üçün böyük potensialın olduğunu deyib. Vurğulanıb ki, dünən Pekində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin açılması ölkələrimiz arasında ticarət həcminin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli olacaqdır.
Tədbir çərçivəsində Azərbaycanın “AS Group Investment” şirkəti və Çinin “Camce Co Ltd” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.