Sianda Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olunub

“Çinlə tranzit sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır”.

BBN.az xəbər verir ki, bu barədə fevralın 7-də Çinin Sian şəhərində “Kəmər və Yol təşəbbüsünün təşviqində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu” mövzusunda təqdimatda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Qeyd edək ki, tədbir İpək Yolu Beynəlxalq Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilib.

Azərbaycan-Çin iqtisadi əlaqələri, ticarət və investisiya əməkdaşlığı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin investisiya cəlbediciliyi barədə danışıb, çinli iş adamlarını Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırmaq üçün geniş imkanlardan bəhrələnməyə dəvət edib. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan siyasi baxımdan stabildir, güclü iqtisadi potensiala malikdir, Dünya İqtisadi Forumunun hesabatına əsasən, dünyada 36-cı ən təhlükəsiz ölkədir, əlverişli biznes və investisiya mühiti yaradılıb, Cənubi Qafqazın siyasi, iqtisadi, tranzit və mədəni mərkəzi, beynəlxalq tədbirlər məkanıdır. Müstəqillik illərində ölkə iqtisadiyyatına 248 mlrd. ABŞ dolları investisiya yatırılıb ki, bunun yarısından çoxu xarici investisiyalardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır