Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, ağır sənaye və maşınqayırmanın inkişaf etdirilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir.
Bir sıra qabaqcıl iqtisadi sahələrlə yanaşı dağ-mədən sənayesinə də özəl investisiyalar cəlb etməklə qara metallurgiya kompleksindən tam həcmdə istifadə olunması vacib əhəmiyyət daşıyır. Belə müəssisələrdən biri də 270 milyon tondan artıq dəmir filizi ehtiyatlarına malik olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətidir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmləri investisiya müsabiqəsinə çıxarılıb. Bu Açıq Səhmdar Cəmiyyəti qeyri-neft sektorunda ölkənin ən strateji metallurgiya müəssisəsi olmaqla investorlar üçün olduqca cəlbedicidir.
“KPMG” şirkəti açıq tender əsasında məsləhətçi qismində cəlb edilib. Mövcud qanunvericiliyə uyğun olaraq təşkilatlararası müsabiqə komissiyası yaradılıb. Müsabiqə komissiyasına daxil olan İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən məsləhətçi şirkətin tövsiyələri nəzərə alınıb.
Müəssisənin özəlləşdirilməsinə yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, BƏƏ, Hindistandan olan potensial investorlar və konsorsiumlar maraq göstərir.