Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazlarına tələbat kəskin artıb. Bu barədə istiqrazın market meykeri olan «PSG Kapital» şirkəti məlumat yayıb. Şirkətdən bildirilir ki, son günlər istiqrazların alışı üçün «PSG Kapital»ın ASAN 1 və ASAN 5 Xidmət mərkəzlərindəki satış nöqtələrinə müraciətlər çoxalıb. Artım özünü həm müraciətlərin sayında, həm də sifarış edilən istiqrazların sayında göstərir.
«Müraciətlər həm Bakı, həm də respublikanın bölgələrindən daxil olur. SOCAR İstiqrazı almaq istəyənlər arasında yeni müştərilər üstünlük təşkil edirlər. Əvvəlki müştərilər isə istiqraz portfellərini daha da böyütmək üçün təkrar bazardan yeni qiymətli kağızlar alırlar»-deyə investisiya şirkətindən bildirilib. İstiqraz alıcıları arasında fiziki şəxslər xüsusilə aktivdir: «SOCAR İstiqrazlarının alınması üçün əhalidən gələn müraciətlər xeyli artıb. Vəsaitlərini istiqrazlarda saxlamaq istəyən hüquqi şəxs və şirkətlərdən də müraciətlər daxil olur».
SOCAR İstiqrazlarına tələbatın artması istiqrazların satış göstəricilərində də əksini tapıb. Bu ilin əvvəlindən indiyədək istiqrazlarla əməliyyatların həcmi 10 milyon dolları keçib.
Xatırladaq ki, ölkədə ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR İstiqrazları 2016-cı ilin oktyabrında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
İndiyədək SOCAR İstiqrazları üzrə 5 dəfə faiz ödənişi (4 ödəniş 2017-ci ildə, 1 ödəniş 2018-ci ildə) edilib. İstiqraz sahibləri indiyədək bu qiymətli kağızlardan 6,25 milyon dollar gəlir götürüblər. İstiqrazlar üzrə növbəti faiz ödənişi apreldə həyata keçiriəcək.